İyulun 24-də Bakını Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barəsində Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə açılmış cinayət işi və əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri üzrə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Partiya təmsilçisi 14-15 iyul aksiyasında baş verənlərdə təqsirli bilinir. İş Cinayət Məcəlləsinin 186.2.1-ci, 233-cü və 315-ci maddələri ilə aparılır.
Xatırladaq ki, iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşam saatlarından etibarən paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Şəhərdə yürüş edən aksiya iştirakçıları sonda Şəhidlər xiyabanında və Milli Məclisin binası qarşısında toplaşıblar. İyulun 15-nə keçən gecə bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb.
Qeyd edək ki, Fuad Qəhrəmanlı 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra həmin il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. O 10 il azadlıqdan məhrum edilib və 2019-cu il martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.