Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu keçmiş müstəntiq və siyasi məhbus Rüfət Səfərova məktub yazıb. Məktubun surətini Rüfət Səfərov facebook-da paylaşıb. məktubda deyilir:
“Rüfət, heç istəməzdim belə olsun. Ancaq bu da mənim taleyimdir. Barışmaqdan özgə çarəm yoxdur. Allahın verdiyi ömür nə zaman dayancaq, bir söz deyə bilmərəm. Yaradanın əlindədir. Bu qısa məktubumu vəsiyyət kimi də qəbul edə bilərsən. Artıq ata-oğul arasında elə bir keçilməz divar hördün ki, mən bu divarı aşıb, duyğularımı, sevincimi söndürdun. Mən indi özümü arxasız və gücənsiz insan kimi hiss edirəm. Yenə də sənə xoşbəxt həyat arzulayıram. Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməni də istəmirəm. Halal olmaz! O dünyamı rahat buraxarsan. Allah səni xətadan-bəladan hifz etsin!!! Sənin keçmiş atan 17 iyun 2019. Saat 3-20”
Rüfət Səfərov məktubu paylaşaraq yazıb ki, “Doğru bildiklərimi söyləməkdə davam etdiyimə görə, görün, nə gündəyəm… Oxuyun, yaxşı-yaxşı oxuyun… Bu rejim bizi nə günlərə saldı…”
Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.