Son dövrlərdə siyasi məhbusların sayında azalma qeydəı alınıb. Mart ayında verilmiş əfv sərəncamı ilə 50-dən çox siyasi məhbus azadlığa buraxıldı. Buna baxmayaraq, hələ də həbsdə 70-ə yaxın siyasi məhbus var. Siyasi məhbusların işi üzrə İşçi Qrupun hazırladığı siyahı təxminən yarıbayarı azalsa da, Azərbaycan Avropada siyasi məhbus olan nadir ölkələrdən biri olaraq, qalır.
Bundan başqa “Gəncə işi” ilə əlaqədar həbs edilmiş şəxslərin məhkəmələrində səsləndirilən dəhşətli işgəncə iddiaları hökumətin siyasi qiymətini almayıb, yalnız məhkəmədə ittiham tərəfi bu iddiaları əsassız şəkildə rədd edir və işgəncə izlərinin araşdırılmasından imtina olunur.
Son olaraq isə, bu gün Müsavat Partiyasının üzvü Azad Həsənov həbsdən azad edilib. O, mühacirətdə siyasi sığınacaqda yaşayan zaman atasının sağlamlıq problemləri ilə bağlı onu ziyarət etmək üçün Azərbaycana gəlib və az sonra narkotik ittihamı ilə həbs edilib. Beynəlxalq təşkilatlar onu da siyasi məhbus hesab edirdilər.
Əlavə olaraq, qeyd edək ki, son əfv sərəncamından sonra siyasi həbslər adətən inzibati həbs kimi baş verir. Yəni barəsində cinayət işi açılmış yeni siyasi məhbuslar yoxdur, yalnız “Gəncə işi”nin məhkəmə istintaqı davam edir və hökmdən sonra siyasi məhbus sayında artım gözlənilir.
Bütün bunları hökumət “islahat” adı altında təaqdim etsə də, əslində vəziyyət o qədər də dəyişməyib. Çünki həbslər, işgəncələr hələ də adi haldır, keçmiş siyasi məhbusların təqibi, məhdudiyyətlərə məruz qalması fakları aradan qalxmayıb. Siyasi məhbus problemi sahəsində əsl islahat ondan ibarət olardı ki, bütün siyasi məbuslar azad olunardı, onlara və əvvəllər azad edilmiş siyasi məhbuslara bəraət və özlərinə və ya ailələrinə kompensasiya verilərdi, hökumət bu sahədə səhvlərini etiraf edər və üzr istəyərdi, bundan başqa siyasi hökmlərin verilməsində iştirak etmiş qeyri-rəsmi sifarişçilərdən tutmuş məhkəmə, prokurorluq işçilərinə qədər bütün vəzifəli şəxslər, xüsusən də işgəncə verən hüquq mühafizə orqanları əməkdaşları cəzalandırılardı.
Bütün bu hallar baş vermədikcə və ya bu prosesin başlanmasını göstərən hərəkətlər görünmədikcə, siyasi məhbus problemini həll etmək sahəsində hökumətin siyasi iradəsinin olmasından və ya islahatlardan danışmaq əbəsdir.