Hüquq müdafiəçisi Oktay Gülalıyev “Gəncə işi” ilə bağlı məlumat verir. Oktay Gülalıyev facebook hesabında bildirir: “Nəhayət, “Gəncə işi” ilə bağlı hamının maraqla gözlədiyi hadisə baş verdi. İttiham tərəfi- prokurorluq adam öldürmə (CM 120- ci maddə), iğtişaşların təşkili (220.1- ci maddə), polisə silahlı hücum etmək (315.2- ci maddə), qanunsuz silah gəzdirmə (224- cü maddə), terror (277- ci maddə) və s.- də ittiham etdiyi şəxslərlə bağlı əlində olan ən mötəbər “sübutunu” – hadisələrin video görüntülərini açıqladı…
Belə ki, məlum Gəncə hadisələri ilə bağlı bu gün Sabunçu rayon məhkəməsində Bəkrəm Əliyev və digərləri ilə bağlı keçirilən məhkəmə prosesində hadisə zamanı lentə alınmış video çəkilişlər və hadisə yerində quraşdırılmış şəhər müşahidə kameralarının görüntüləri təqdim olundu. O görüntülər ki, hadisənin əsas iştirakçısı və törədicisi Rəşad Böyükişiyev əlində xəncərlə polislərə hücum edir…
Bir daha görüntülərdən aydın oldu ki, Rəşad Böyükişiyev polislərə tək başına hücum edib. Ona heç kim yaxından, uzaqdan kömək etməyib. Meydanda ondan savayı heç kimin əlində silah olmayıb. Təqsirləndirilən şəxslərdən heç kim polisə hücum etmir, daş atmır və heç kim polis hücum etdikdə polisə müqavimət göstərib Rəşadı mühafizə etmir.
Video görüntülərin ən maraqlı və dəhşətli hissəsi bilirsinizmi nə idi? Rəşad Balakişiyev əlində xəncəri yuxarı qaldırıb qışqıraraq meydanın o baş- bu başına gedir. Polislər onun bu hərəkətini ya görməməzliyə vurur, ya da ona mane olmur, bəziləri isə sadəcə ona tamaşa edir və ərazidən uzaqlaşır (!?). Hətta Rəşad polisə hücum edir, digər polislər ona mane olmaq əvəzinə müşahidəçi mövqedə olur. Və Rəşad meydana əlində xəncər girdiyi kimi də çıxıb gedir. Kimsə onun qarşısını kəsib həbs etmir. Bundan sonra əraziyə 4 nömrəli şəhər avtobusu ilə (!?) Daxili qoşun hissələri gəlir və mitinq guya dağıdılır…
Çox təəssüf ki, Rəşadın cinayət törətməsinə şərait yaradan polis əməkdaşları (video görüntüdə onlar açıq şəkildə görünür- red.) bu gün də vəzifədədirlər. Öz vəzifəsini lazım olan məqamda və məkanda icra etməyən polis əməkdaşları vəzifə başındadır, amma hadisələri polislərlə bərabər müşahidə etdiyinə görə onlarla günahsız şəxs həbsdədir.
Video görüntülərin digər maraqlı məqamı bilirsinizmi nə oldu? Çəkilişə baxan təqsirləndirilən şəxslər “axı biz burda kimsəni vurmur, öldürmür və Rəşadı müdafiə etmirik. Kənardan hadisəni seyr edirik. Bizim günahımız nədir?” sualına dövlət ittihamçısının verdiyi cavabdır: “Siz niyə meydanda olmusunuz, Rəşad niyə sizin yanınızda olub (!?)”. Deməli prokurorun məntiqindən bu çıxır ki, yaşadığın şəhərdə mitinq olsun, ciddi ictimai- siyasi hadisə baş versin, sən onu müşahidə etmə. Evindən çölə çıxma və gözlərini yum, qulaqlarını bağla. Əslində bu cavabı və məntiqi ilə prokurorluq sübut edir ki, onlar cinayət törədəni deyil, cinayət törədən kimin yanından keçib, yanında durub kimə baxıbsa onları həbs ediblər (!?).”