Həbsdə olan jurnalist, siyasi məhbus Əfqan Muxtarlının vəkili Nemət Kərimli bu gün – 20 sentyabr 2019-cu ildə 16 saylı cəzaçəkmə müəssisəsində fizikin təzyiqə məruz qaldığını bildirib. Bu barədə vəkl facebook hesabına yazıb. Cənab Kərimli bildirib ki, cəzaçəkmə müəssisəsinə daxil olanda onun üzərində axtarış aparmaq istəyiblər. Bu, qanunazidd olsa da, gərginlik yaratmamaq üçün icazə verib və vəkilin üzərində ayaqqabılarına, corablarına qədər axtarış aparılıb. Eyni hal müəssisəni tərk edəndə də yaşanıb. Müəssisənin əməkdaşları Əfqan Muxtarlının yanından çıxan vəkildən məhbusun yazışmalarını onlara göstərməyi tələb ediblər. Nemət bəy bundan imtina edəndə Özünü Emin kimi təqdim edən rəis müavinini çağırıblar. Emin adlı şəxs yazışmaları oxumaq istəyib, vəkil bunun konfidensiallıq hüququna zidd olduğunu izah edib və imtina edib. Bu zaman Emin adlı şəxs Nemət Kərimlinin köynəyinin yaxasından dartıb, güclü şəkildə divara itələyib və “sən kimsən? Bura müəssisədir, sənə göstərərəm. Kimə istəsən, şikayət et, qəsdən skandal yaradırsan” deyərək, qışqıra-qışqıra onu rəsisin yanına aparmaq istəyib. Vəkil rəsisin yanına getməkdən imtina edib. Bu zaman Emin adlı şəxs vəkilin əlindən çantasını zorla alıb, stolun üstünə boşaldıb, digər cinayət işlərinə aid yazılar daxil olmaqla, vərəqləri oxuyub, sonra isə vəkili 40-50 dəqiqə girov saxlayıb, buraxıblar. Vəkil bazar ertəsi bu abrədə rəsmi şikayət edəcəyini bildirib.
İnsan Hüquqları Klubu olaraq, hesab edirik ki, bu kimi hərəkətlər siyasi hakimiyyətin müstəqil jurnalistlərə və onları müdafiə edən vəkillərə qarşı repressivc siyasətinin tərkib hissəsidir. Son bir neçə ildə müstəqil və siyasi məhbusları müdafiə edən vəkillərə qarşı Vəkillər Kollegiyasında güclənmiş sərt tədbirlər də bu siyasətin tərkib hissəsidir. Vəkillə müvəkkilinin arasında olan yazışma gizlidir və bu konfidensiallıq hüququnu pozmaq ciddi şəkildə cəzalandırılmalıdır. Vəkil təqsirləndirilənin və ya məhkumun hüquqlarının müdafiəçisidir və onun zorakılığa məruz qalması, alçaldılması, fiziki təzyiq görməsi ölkə adına rüsvayçılıqdır və bunu sifariş verən, törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Ümumiyyətlə isə, bütün siyasi məhbuslar azadlıöğa buraxılmalıdır ki, onların vəkillərinin azadlıqdan məhrumetmə yerlərinə getməsi zamanı bu problemlər də yaranmasın.