Giriş qeydləri: Praktik Hüquqşünaslar Qrupu (PHQ) Azərbaycanda perspektiv vəkillik islahatına dair öz uzunmüddətli təkliflər paketini təqdim edir. Təkliflər paketi vəkillik peşəsinə dair beynəlxalq standartlar və Azərbaycanda vəkillik peşəsinin kontekstual problemləri nəzərə alınmaqla hazırlanıb. Bu sənəd sadəcə təklifləri ehtiva edir. Təkliflərin isnadları və əsaslandırması praktik səbəblərdən bu sənədə daxil edilməyib. Bu sənəd PHQ-nin hazırda aparılan vəkillik müzakirələrində dair lex ferenda (tələb edilən hüquq) mövqeyidir və ictimaiyyətin müzakirəsi üçün təqdim edilir. Bundan əlavə, PHQ bildirir ki, lex ferenda təkliflərinə paketinə dair tənqid, irad, mülahizə və digər təkliflərə açıqdır. PHQ ictimaiyyətdən və digər maraq subyektlərindən bu istiqamətdə rəylər gözləyir. PHQ ictimaiyyətin və digər maraq subyektlərinin münasibətini lex ferenda təkliflərinin təkmilləşdirilməsində ağlabatan olaraq nəzərə alacaq. PHQ-nin üzvləri müzakirələrdə aktiv iştirak edərək əsaslı rəyləri cavablandıracaqlarını bildirirlər.
PHQ bu sənədə PHQ-nin Vəkillik islahatına dair lex ferenda təklifləri yaxud PHQ-nin Vəkillik islahatı və yeni Vəkillik Qanuna dair Konseptual Çərçivə sənədi kimi istinad edilməsini xahiş edir.
Məlumat: Praktik Hüquqşünaslar Qrupu (PHQ) hüquqi nümayəndəlik təsisatının məhdudlaşdırılmasına dair cari qanun dəyişikliklərinin qəbul edilməsinin əleyhdarı olan bir sıra praktik hüquqşünasların birləşdiyi, praktik hüquqşünasların maraq qrupu kimi və müvəqqəti əsaslarla fəaliyyət göstərən qeyri-formal birlikdir.
Təkliflər paketi:
VƏKİLLİK İSLAHATI və YENİ VƏKİLLİK QANUNU
KONSEPTUAL ÇƏRÇİVƏ
KEÇİD DÖVRÜ
I. Peşə birliyinin yenidən təsis edilməsi
1. Cari Vəkillər Kollegiyasına Kollegiya üzvü olmayan praktik hüquqşünasların avtomatik qeydiyyatını aparmaq səlahiyyətinin verilməsi
a) Buna uyğun olaraq cari Vəkillər Kollegiyası elan edilmiş müəyyən bir tarixdən 1 (bir) il ərzində Kollegiya üzvü olmayan hüquqşünasların qeydiyyatını aparmalıdır
b) Bu qeydiyyat səmərəli qaydada verilmiş elana uyğun olaraq könüllü müraciət edən praktik hüquqşünasların müraciətləri əsasında onların avtomatik olaraq qeydə alınmasına əsaslanmalıdır
c) Qeydiyyat müraciətçilərin (ərizəçilərin) qeydiyyat yaxud yaşayış yaxud daimi fəaliyyət göstərdiyi yer üzrə aparılmalıdır. Məsələn, əgər şəxs Qazax rayonunda yaşayış yeri üzrə qeydiyyatdadırsa, o, Qazax rayonu üzrə qeydə alınmalıdır
d) Qeydiyyata alınma üçün iki şərt tələb edilməlidir: i) ərizəçinin ali təhsilli hüquqşünas olması (milli ali təhsil müəssisələrinin hüquqşünas məzunları və xarici ali təhsil müəssisələrinin diplomları nostrifikasiya edilmiş məzunları; ikincilərə diplomların tanınmasını əldə etmək üçün kifayət qədər vaxt verilməlidir); ii) ərizəçinin hüquq praktikasında 1 (bir) ildən çox hüquq stajına malik olması (hüquq stajı aşağıdakı formalarda ola bilər: hüquqşünas ya əmək (iş) stajına malik olmalı yaxud həmin müddətdə vergi qeydiyyatı üzrə fəaliyyət göstərməli yaxud elmi müəssisədə azı doktorant olmalı yaxud daha yuxarı elmi dərəcəsi olmalıdır)
e) Kollegiyadan əvvəllər xaric edilmiş və (və ya) çıxmış şəxslər ümumi əsaslarla qeydiyyat üçün müraciət edə bilməlidir. Kollegiyadan əsassız xaric edilmiş vəkillər buna dair müvafiq əsasları olduqda avtomatik Vəkillər Kollegiyasına vəkil kimi bərpa edilməli və vəkil kimi qeydiyyata alınmalıdır
2. Cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünaslar tərəfindən yeni peşə birliklərinin yaradılması
a) Bir illik qeydiyyat müddəti başa çatdıqdan sonra cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünaslar qeydiyyat yerləri üzrə regional əsaslarla yeni peşə birliyinin yaradılması üçün təsis yığıncaqları keçirməlidir
b) Regional əsaslarla peşə birliklərinin formalaşdırılması üçün tələb edilən üzvlərin sayı həmin region üzrə cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünasların sayına uyğun olaraq əldə edilmiş minimum rəqəmə əsaslanmalıdır
c) Təsis yığıncağının keçirilməsi üçün təşkilat komitələri cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünasların bərabər sayda təmsilçiliyi əsasında formalaşdırılmalıdır
d) Təsis yığıncaqlarında iştirak edən vəkillər və praktik hüquqşünaslar qeydiyyat yerləri üzrə regional Vəkillər Şuraları təsis etməli, bu qurumun Nizamnaməsi və digər zəruri sənədlərini qəbul etməli və bu qurumun rəhbərliyini və digər zəruri orqanlarını seçki əsasında formalaşdırmalıdır. Regional Vəkillər Şurası dedikdə məsələn, Bakı Vəkillər Şurası, Gəncə Vəkillər Şurası, Şəki Vəkillər Şurası və digərləri başa düşülür
e) Regional Vəkillər Şuralarının təşkilat komitələrinin yaradılması və fəaliyyəti daxil olmaqla təsis yığıncağı, Nizamnamə və digər zəruri sənədlərinin qəbul edilməsi və rəhbərliyinin və digər zəruri orqanlarının formalaşdırılması Avropa Vəkillər Şuraları və Hüquq Cəmiyyətləri İttifaqının (CCBE) nümunəvi sənədləri əsasında keçirilməlidir
f) Regional Vəkillər Şuraları formalaşdırıldıqdan sonra cari Azərbaycan Respublikası Vəkillər Kollegiyası buraxılmalıdır. Cari Kollegiyanın üzvü olan vəkillər avtomatik olaraq regional Vəkillər Şurasının üzvünə çevrilməlidir
g) Regional Vəkillər Şuraları formalaşdırıldıqdan sonra qeydiyyata alınmış praktik hüquqşünaslar avtomatik olaraq vəkil statusu (müəyyən müddət üçün bu status aralıq xarakter daşımalıdır; bax, II.2 bənd üzrə təkliflər) əldə etməlidir
h) Regional Vəkillər Şuralarından seçilmiş nümayəndələrin iştirakı əsasında regional Vəkillər Şuralarının ittifaqı olan Azərbaycan Vəkillər Şurası təsis edilməli və onun rəhbərliyi formalaşdırılmalıdır. Azərbaycan Vəkillər Şurası peşə birliklərinin ittifaqı səciyyəsi daşımalı, regional Vəkillər Şuraları üzərində səlahiyyətlərə malik olmamalı və onların daxili işlərinə qarışmamalıdır. Regional Vəkillər Şuralarının üzvləri həmçinin Azərbaycan Vəkillər Şurasının üzvü olmalıdır
i) Regional Vəkillər Şuraları və Azərbaycan Vəkillər Şurası özünüidarə qurumu kimi ictimai (publik) statusa (public law organisation) malik olmalıdır. Onların fəaliyyətinin ümumi aspektləri perspektiv Peşə təşkilatları Qanunu və perspektiv Vəkillik Qanunu ilə tənzimlənməlidir
3. Vəkillər Kollegiyasından Vəkillər Şuralarına keçidin təmin edilməsi
a) Vəkillər Kollegiyasının əmlakı və büdcəsi proporsional əsaslarla regional Vəkillər Şuralarına və Azərbaycan Vəkillər Şurasına keçməlidir
b) Regional Vəkillər Şuralarının formalaşdırılması prosesində çəkilən xərclərin bir hissəsi cari Vəkillər Kollegiyasının büdcəsi, bir hissəsi isə qeydiyyata alınmış praktik hüquqşünasların ödənişləri hesabına ödənilməlidir. Təşkilat komitələri təsis yığıncaqların keçirilməsi üçün qrant ala bilməlidir
c) Qeydiyyata alınmış praktik hüquqşünasların üzvlük haqları müəyyən müddət üçün (məsələn, 3 il müddətinə) cari vəkillərin üzvlük haqlarından daha çox olmalıdır. Həmin müddətə cari vəkillər əlavə xərclərə cəlb edilməməli və zəruri əlavə xərclər qeydiyyata alınmış praktik hüquqşünasların ödənişləri hesabına ödənilməlidir. Üzvlük haqlarının miqdarı və ödənilməsi qaydaları CCBE standartlarına uyğun olaraq Vəkillər Şuraları tərəfindən həll edilməlidir. Üzvlük haqları həm regional Vəkillər Şuraları, həm də Azərbaycan Vəkillər Şurasına ödənişləri birlikdə əhatə etməlidir
d) Hüquq məsləhətxanaları ləğv edilməli və onların əmlakları yerləşdikləri yerin Vəkillər Şurasının balansına verilməlidir. Vəkillər Şuralarının üzvləri fərdi yaxud birlik qaydasında (hüquq bürosu, hüquq firması, hüquq şirkəti və s) hüquq fəaliyyəti göstərmək imkanına malik olmalıdır
e) Regional Vəkillər Şuralarının sonrakı fəaliyyəti dövri olaraq keçirilən ümumi yığıncaq və ümumi yığıncaqda formalaşdırılmış rəhbərlik və digər orqanlar vasitəsilə təmin edilməlidir
II. Peşə inhisarının formalaşdırılması və peşəkarların səlahiyyətləri
1. Vəkillərin peşə inhisarının çərçivəsinin müəyyən edilməsi
a) Yuxarıda qeyd edilən şərtlərə uyğun olaraq yeni Vəkillər Şuraları formalaşdırıldan sonra istənilən növ nümayəndəlik/təmsilçilik üzərində peşə inhisarı vəkillərə verilməlidir. Başqa sözlə, məhkəmələr, inzibati orqanlar qarşısında təmsilçilik və mübahisələrin alternativ həlli üzrə icraatda nümayəndə qismində yalnız vəkilin iştirakı təmin edilməlidir
b) Hüquqi məsləhət üzərində peşə inhisarı olmamalıdır. Qeyri-hüquqşünaslar yaxud Vəkillər Şurasının üzvü olmayan hüquqşünaslar ümumi mülki hüquq münasibətlər əsasında hüquqi məsləhət verə bilmək imkanına malik olmalıdır
c) Elmi dərəcəsi olan, lakin Vəkillər Şurasının üzvü olmayan hüquqşünaslar belə üzvlük olmadan nümayəndəlik/təmsilçilik edə bilmək imkanına malik olmalıdır. Bunun üçün onlar müvafiq qurumlar qarşısında elmi dərəcəsini təsdiq edən sənədi təqdim etməlidirlər
d) Vəkilin hüquqşünas assistenti onun tapşırığı əsasında mülki işlər və inzibati mübahisələr üzrə təmsilçiliklə məşğul olmaq imkanına malik olmalıdır
e) Vəkil olmayan korporativ hüquqşünaslar (in house counselling) məhkəmə təmsilçiliyi istisna olmaqla digər hüquqi işləri görmək imkanına malik olmalıdır
f) Əcnəbi vəkillər üçün hüquq praktikası CCBE standartlarına uyğun olaraq müəyyən edilməlidir
2. Qeydiyyata alınmış praktik hüquqşünaslar üçün aralıq vəkillik statusunun müəyyən edilməsi
a) Qeydiyyata alınmış və bunun əsasında regional Vəkillər Şurasının təsis yığıncağında iştirak etməklə vəkil statusuna malik olmuş praktik hüquqşünaslar-vəkillər üçün belə statusu əldə etdikdən sonra 1 (bir) il müddətinə aralıq vəkil statusu müəyyən edilməlidir. Həmin müddətdə həmin şəxslər cinayət işləri üzrə nümayəndəliyə buraxılmamalıdır. Həmin müddətdə həmin şəxslər mülki və inzibati işlər üzrə nümayəndəliklə məşğul ola bilərlər. Həmin müddətdə həmin şəxslər nəzərdə tutulmuş qaydada hazırlıqdan keçməlidir
b) 1 (bir) illik aralıq müddət başa çatdıqdan sonra həmin şəxslər sadələşdirilmiş yazılı imtahan verməlidir. Sadələşdirilmiş imtahan regional Vəkillər Şurası yanında Hazırlıq Komissiyası tərəfindən təşkil edilməlidir. Hazırlıq Komissiyası cari vəkillərdən və qeydiyyata alınmış praktik hüquqşünasların seçdikləri müstəqil idarəçilərdən (menecerlərdən) bərabər sayda olmaqla formalaşdırılmalıdır. Sadələşdirilmiş imtahan mövzuları və hazırlıq materialları imtahandan 3 (üç) ay əvvəl müvafiq şəxslərə təqdim edilməlidir. Bu imtahanda 20 (iyirmi) esse üzrə hüquq məsələləri həll edilməlidir. Hüquq məsələri maddi və prosessual hüquq sahələrinin əsas institutlarına dair olmalıdır. Nəzərdə tutulmuş 20 (iyirmi) tapşırıqdan 8 (səkkiz) tapşırığı ağlabatan qaydada həll etmiş şəxslər imtahandan keçmiş sayılmalıdır. Bu imtahandan keçmiş şəxslər tam əsaslarla, yəni istənilən xarakterli iş üzrə daimi əsaslarla vəkillik etməyə buraxılmalıdır. Bu imtahandan keçməmiş şəxslər üçün 1 (bir) illik əlavə müddət verilməlidir. Həmin müddətin sonunda yenidən imtahan keçirilməlidir. Həmin imtahandan da keçməyən şəxslər Vəkillər Şurasından avtomatik xaric edilməli və vəkil statusunu itirməlidir. Bu əsasla xaric edilmiş hüquqşünaslar daha sonra keçirilmiş vəkilliyə qəbul imtahanlarında ümumi əsaslarla iştirak etmək imkanına malik olmalıdır. Bu əsasla xaric edilmiş vəkillər əgər regional Vəkillər Şurasının formalaşdırılmış qurumlarında vəzifə daşıyırlarsa, həmin vəzifələri də itirməlidir. Hazırlıq Komissiyasının bu imtahanlarının nəticələrindən müvafiq apellyasiya məhkəməsinə şikayət vermək imkanı nəzərdə tutulmalıdır
c) Aralıq vəkillik statusu yalnız Şuraların formalaşdırılmasında iştirak edən şəxslərə şamil edilməlidir. Şuralar formalaşdırıldıqdan sonra müraciət edən şəxslər ümumi əsaslarla tam vəkilliyə qəbul üçün imtahan verib üzv olmalıdır
3. Vəkil assistenti statusu
a) Assistent hüquqşünas və ya qeyri-hüquqşünas ola bilməlidir. Qeyri-hüquqşünas assistent təmsilçilik istisna olmaqla, digər məsələlər üzrə vəkilin tapşırığı əsasında zəruri işləri görmək və sənədləri əldə edə bilmək imkanına malik olmalıdır. Assistent vəsiqəsi təqdim edilmək şərti ilə vəkilin əldə etmək istədiyi sənədlər assistentə də təqdim edilməlidir
b) Hüquqşünas assistent vəkilin tapşırığı əsasında II.1(d) və II.3(a) bəndlərində nəzərdə tutulmuş işləri görmək imkanına malik olmalıdır
4. Vəkillərin səlahiyyətləri
a) Vəkil istənilən iş üzrə müvəkkilin razılığı və onun mənafeyinə uyğun olaraq fəaliyyət göstərmək imkanına malik olmalıdır. Bu zaman o, yalnız qanuni məhdudiyyətlər üzrə məsuliyyət daşımalıdır
b) Vəkilin nümayəndə ola bilməsi üçün müvəkkilin şifahi razılığı kifayət etməlidir. Vəkil inzibati icraatda, mülki işlər və inzibati mübahisələr üzrə məhkəmə işlərində və məhkəmədənkənar mübahisələrin həllində müvəkkilin şifahi razılığı əsasında iş üzrə nümayəndə ola bilmək imkanına malik olmalıdır. Bunun üçün müvəkkilin şifahi razılığı tərəflərin öz imzaları ilə təsdiq etdiyi protokolla rəsmiləşdirilməlidir. Əgər müvəkkil özü icraatda bilavasitə iştirak etmirsə onda onun razılığı qanuni qaydada rəsmiləşdirilmiş vəkalətnamədə ifadə edilməlidir. Cinayət işləri üzrə məhkəməyəqədər mərhələdə vəkilin nümayəndə ola bilməsi üçün müvəkkilin protokollaşdırılmış iradəsi yetərli olmalıdır. Buna qədər mərhələdə, yəni vəkil məhbus müvəkkillə görüşənə qədər olan mərhələdə vəkil vəsiqəsi nümayəndə ola bilmək üçün yetərli sayılmalıdır. Cinayət işi üzrə məhkəmə mərhələsində vəkilin nümayəndə ola bilməsi üçün qanuni qaydada verilmiş vəkalətnamə tələb edilməlidir
c) Şifahi və ya yazılı vəkalətnaməsi olan vəkil müvəkkilin işi üzrə bütün mümkün iş materiallarına və digər sənədlərə çıxış əldə edə bilməlidir. Dövlət orqanları vəkil sorğularını qeyd-şərtsiz və praktiki ən qısa müddətə icra etməlidir. Məzmununda məhdudlaşdırılmış məlumat olan sənədlərə də (dövlət sirri və ibtidai istintaq və ya məhkəmə dövründə sirr sayılmış məlumat istisna olmaqla) vəkilin çıxışı tanınmalıdır. Məzmunu məhdudlaşdırılmış məlumat vəkilə təqdim edildikdə, belə məlumatı yaymamaq öhdəliyi vəkilə bildirilməlidir
d) İstənilən işdə vəkilin müvəkkili ilə gördüyü işi üzrə məlumatların konfidensiallığı təmin edilməlidir. Vəkil istənilən icraatın istənilən mərhələsində müvəkkili ilə birlikdə iştirak etmək imkanına malik olmalıdır. Vəkilin müvəkkili (ələlxüsus məhbus müvəkkili) ilə görüşü hər hansı formada məhdudlaşdırılmamalıdır
YENİ DÖVR
III. Vəkilliyə qəbul və ixtisas hazırlığı
1. Vəkilliyə qəbul qaydaları
a) Yeni Vəkillər Şuraları təsis edildikdən və onun institutları formalaşdırıldıqdan sonra vəkilliyə qəbul və ixtisas hazırlığı aşağıdakı qaydada aparılmalıdır. Vəkilliyə qəbul yazılı imtahandan ibarət olmalıdır. Yazılı imtahan iki mərhələli olmalıdır: i) müəyyənləşdirilmiş sayda test suallarının cavablandırılması; ii) müəyyənləşdirilmiş sayda hüquq məsələlərin həll edilməsi
b) Vəkilliyə qəbul üçün bakalavr dərəcəsi üzrə hüquqşünas təhsili və azı 1 (bir) illik hüquq praktikası tələb edilməlidir. Bu hüquq praktikası vəkil assistenti yaxud digər formada hüquq üzrə əmək stajı yaxud vergi qeydiyyatı üzrə hüquq fəaliyyəti yaxud hüquq üzrə elmi fəaliyyət əsasında əldə edilə bilər
c) Vəkilliyə qəbul regional əsasla aparılmalıdır. Hər bir ərizəçi ya qeydiyyat yeri üzrə ya da Bakı istisna olmaqla arzuladığı digər regional Vəkillər Şurasına üzvlük üçün müraciət etmək imkanına malik olmalıdır
d) Vəkilliyə qəbulu regional Vəkillər Şurasının yanında müvəqqəti əsasla, yəni müvafiq imtahanın keçirilməsi üçün təsis edilmiş və yalnız vəkillərdən ibarət olan İxtisas Komissiyası keçirməlidir. İxtisas Komissiyası imtahanın keçirilməsi üçün Dövlət İmtahan Komissiyası və elmi-təhsil müəssisələri ilə əməkdaşlıq etməlidir
e) Vəkilliyə qəbul hər il üzrə ildə iki dəfə (fevral və iyul aylarında) keçirilməlidir. İmtahandan keçməyən şəxslər növbəti imtahana buraxılmalıdır
f) Hər imtahandan 3 ay əvvəl həmin imtahanda veriləcək suallar üzrə mövzular (məsələn, mülki hüquq üzrə şəxslər institutu və ya mülki proses üzrə sübutetmə institutu və ya cinayət prosesi üzrə istintaq hərəkətləri institutu və ya cinayət hüququ üzrə mülkiyyət əleyhinə cinayətlər mövzusu və s) və hazırlıq materialları ərizəçilərlə paylaşılmalıdır
g) Doktorant olan və yaxud elmi dərəcə alan hüquqşünaslar hər hansı imtahan olmadan Vəkillər Şurasına üzv qəbul edilməlidir. Əgər doktorant elmi dərəcə ala bilməsə, onda o, Vəkillər Şurasından xaric edilməli və ümumi əsaslarla vəkilliyə yenidən müraciət etməlidir
h) Azərbaycanda daimi yaşayan vətənsizlər (vətəndaşlığı olmayan şəxslər) vətəndaşlarla eyni qaydada və şərtlərlə vəkilliyə qəbul olmaq imkanına malik olmalıdır. Əcnəbilər üçün vəkilliyə qəbul qaydaları CCBE standartlarına uyğun olaraq müəyyənləşdirilməlidir
i) İmtahandan kəsilən ərizəçilər imtahanın nəticələrindən müvafiq apellyasiya məhkəməsinə şikayət vermək imkanına malik olmalıdır
2. İxtisas hazırlığı
a) İmtahandan keçmiş ərizəçilər 1 (bir) il ərzində ixtisas hazırlığı kursu keçməlidir. Bu müddətdə onlar cinayət işləri istisna olmaqla digər işlərə çıxa bilmək imkanına malik olmalıdır
b) Yalnız 1 (bir) illik hazırlıq kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra onlar cinayət işlərinə buraxılmalıdır. Hazırlıq kursunu müvəffəqiyyətlə başa vurmaq üçün hazırlığın yekununda 10 (on) suallıq esselər üzrə hüquqi məsələlərin aşağısı 4 (dörd) sualına doğru cavab verilməsi tələb edilməlidir. Hazırlıq kursunu uğurla başa vurmayan vəkillər üçün davamlı olaraq belə imkan yaradılmalı və həmin müddətdə onların hazırlığı davam etdirilməlidir. Hazırlıq kursunu başa vurana kimi həmin vəkillər cinayət işlərinə buraxılmamalıdır
c) Hazırlıq kursunu müvəffəqiyyətli başa vurmuş vəkillər cinayət işlərinə buraxılmalıdır
d) Hazırlıq kursunu Vəkillər Şuraları yanında Hazırlıq Komissiyaları CCBE-nin standartlarına uyğun olaraq həyata keçirməlidir. Həmin Komissiyalar yalnız vəkillər və Vəkillər Şurasının cəlb etdiyi elmi dərəcəsi olan hüquqşünaslardan ibarət olmalıdır
e) Hazırlıq imtahanının nəticələrindən müvafiq apellyasiya məhkəməsinə şikayət vermək imkanı olmalıdır
f) Hazırlıq kursunu başa vurmuş vəkillər müəyyən dövriliklə qısamüddətli ixtisas hazırlığı kurslarına cəlb edilə bilərlər. Bu kursların yekununda hər hansı imtahan verilməsi tələb edilməməlidir. Həmin qısamüddətli hazırlıq kurslarında vəkilin iştirakı məcburi olmalıdır
IV. Vəkil etikası və intizam məsələləri
1. Vəkil etikası
a) Vəkillərin Etik Kodeksi CCBE standartlarına uyğun olaraq qəbul edilməlidir. Vəkillər Şuraları qeyd edilən standartlara və nümunəyə uyğun olaraq təsis yığıncağında Etik Kodeks qəbul etməlidir
b) Vəkil etikasının pozuntusu nümunələrinə dair vahid tövsiyəedici Bələdçi hazırlanmalı və yayılmalıdır
2. İntizam məsələləri
a) Yeni Vəkillər Şuraları formalaşdırıldıqdan sonra intizam məsələri aşağıdakı qaydada həll edilməlidir. İntizam məsələləri üzrə üzrə səlahiyyət İntizam Komissiyasında olmalıdır. İntizam Komissiyası iki müstəqil qurumdan ibarət olmalıdır: Preventiv Subkomissiya və Etik Subkomissiya. Hər iki qurumun üzvləri Ümumi yığıncaqda seçilməli və Vəkillər Şurasının Nizamnaməsində nəzərdə tutulmuş müddətə səlahiyyətli olmalıdır
b) Preventiv Subkomissiya vəkillərin etik məsələləri ilə məlumatlandırılması işi məşğul olmalıdır. Bu məqsədlə etik məsələlərinə dair davamlı təlimlər keçirməli və vəkilləri bu təlimlərə cəlb etməlidir. Bundan əlavə, intizam məsuliyyəti üzrə təcrübəni ümumiləşdirməli və onlara məlumat verməlidir
c) Etik Subkomissiya vəkil etikasını pozumuş vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi işi ilə məşğul olmalıdır. Etik Subkomissiya vəkil haqqında şikayətlərə tribunal (kvazi-məhkəmə) xarakterində baxmalıdır. Belə ki, barəsində işə baxılan vəkilin Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq ədalət mühakiməsi təminatları nəzərdə tutulmalıdır. Etik Subkomissiya vəkil barəsində intizam tədbirinin tətbiq edilməsində yeganə səlahiyyətli qurum olmalıdır. Regional Vəkillər Şurasının Etik Subkomisiyasının intizam tədbirinə dair qərarı həmin Vəkillər Şurası daxilində yekun instansiya olmalı və həmin intizam tənbehini nə həmin Vəkillər Şurasının rəhbərliyi, nə də Azərbaycan Vəkillər Şurası ləğv etmək səlahiyyətinə malik olmalıdır. Etik Subkomissiyanın intizam pozuntusuna və intizam tənbehinə dair qərarı vəkil tərəfindən yalnız müvafiq apellyasiya məhkəməsində mübahisələndirilə bilər
d) Vəkillərə tətbiq edilməli olan intizam tənbehləri mütənasib olmalıdır. Hansı əmələ görə hansı tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həll edilməsi üçün tövsiyəedici Bələdçi hazırlanmalıdır
e) Vəkil barəsində şikayətlər yazılı olmalıdır. Lakin Azərbaycan Vəkillər Şurası mümkün şikayətlərin səmərələşdirilməsi üçün qaynar xətt yarada bilər. Qaynar xəttdə qeydə alınmış şikayətlər üzrə yazılı şikayət verilməsi məsələsi şikayətçiyə izah edilməlidir
f) Etik Subkomissiya şikayəti iki mərhələdə araşdırmalıdır: mümkünlük və mahiyyət. Əgər şikayət mümkün sayılmasa Subkomissiya ona mahiyyət üzrə baxmamalıdır. Subkomissiyanın şikayətin mümkün sayılmaması və ya rədd edilməsi qərarından şikayət vermək imkanı olmamalıdır
g) Vəkillərə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilməlidir: i) xəbərdarlıq (yazılı formada); ii) töhmət (yazılı formada); iii) cərimə (miqdarı ağlabatan olmalı və ümumi yığıncaq tərəfindən təyin edilməlidir); iv) dayandırma (1 (bir) ilə qədər olmalı və müddət bitdikdən sonra avtomatik bərpa olunmalıdır); v) xaric etmə (5 (beş) ilə qədər olmalı və bu müddət bitdikdən sonra xaric edilmiş şəxs yenidən ümumi əsaslarla imtahan vermək imkanına malik olmalıdır)
h) Ağır cinayət törətməyə görə məhkum edilmiş vəkil Vəkillər Şurasından xaric edilməlidir. Bu şəxs məhkumluğu başa vurduqdan sonra ümumi əsaslara vəkilliyə imtahan verə bilmək imkanına malik olmalıdır. Ağır cinayətə görə məhkum edilmiş şəxs imtahanda müvəffəqiyyətli olarsa, onun yenidən qəbul edilib-edilməməsi məsələsi Etik Subkomissiya tərəfindən yenidən nəzərdən keçirilə bilər. Əgər Etik Subkomissiya vəkili qəbul etməkdən imtina edərsə, həmin vəkil bundan müvafiq apellyasiya məhkəməsinə şikayət verə bilməlidir
V. Digər məsələlər
1. Digər məsələlər
a) Digər məsələlər vəkilliyin praktik ehtiyaclarına uyğun olaraq, ağlabatan qaydada və CCBE standartlarına müvafiq həll edilməlidir
b) Keçid dövründə formalaşdırılmış daimi institutların yeni dövrdə tətbiqi daimi əsaslarla davam etdirilməlidir