Praktik Hüquqşünaslar Qrupu’nun Vəkillik islahatına dair lex ferenda təkliflər paketi

Giriş qeydləri: Praktik Hüquqşünaslar Qrupu (PHQ) Azərbaycanda perspektiv vəkillik islahatına dair öz uzunmüddətli təkliflər paketini təqdim edir. Təkliflər paketi vəkillik peşəsinə dair beynəlxalq standartlar və Azərbaycanda vəkillik peşəsinin kontekstual problemləri nəzərə alınmaqla hazırlanıb. Bu sənəd sadəcə təklifləri ehtiva edir. Təkliflərin isnadları və əsaslandırması praktik səbəblərdən bu sənədə daxil edilməyib. Bu sənəd PHQ-nin hazırda aparılan vəkillik müzakirələrində dair lex ferenda (tələb edilən hüquq) mövqeyidir və ictimaiyyətin müzakirəsi üçün təqdim edilir. Bundan əlavə, PHQ bildirir ki, lex ferenda təkliflərinə paketinə dair tənqid, irad, mülahizə və digər təkliflərə açıqdır. PHQ ictimaiyyətdən və digər maraq subyektlərindən bu istiqamətdə rəylər gözləyir. PHQ ictimaiyyətin və digər maraq subyektlərinin münasibətini lex ferenda təkliflərinin təkmilləşdirilməsində ağlabatan olaraq nəzərə alacaq. PHQ-nin üzvləri müzakirələrdə aktiv iştirak edərək əsaslı rəyləri cavablandıracaqlarını bildirirlər.
PHQ bu sənədə PHQ-nin Vəkillik islahatına dair lex ferenda təklifləri yaxud PHQ-nin Vəkillik islahatı və yeni Vəkillik Qanuna dair Konseptual Çərçivə sənədi kimi istinad edilməsini xahiş edir.
Məlumat: Praktik Hüquqşünaslar Qrupu (PHQ) hüquqi nümayəndəlik təsisatının məhdudlaşdırılmasına dair cari qanun dəyişikliklərinin qəbul edilməsinin əleyhdarı olan bir sıra praktik hüquqşünasların birləşdiyi, praktik hüquqşünasların maraq qrupu kimi və müvəqqəti əsaslarla fəaliyyət göstərən qeyri-formal birlikdir.
Təkliflər paketi:
VƏKİLLİK İSLAHATI və YENİ VƏKİLLİK QANUNU
KONSEPTUAL ÇƏRÇİVƏ
KEÇİD DÖVRÜ
I. Peşə birliyinin yenidən təsis edilməsi
1. Cari Vəkillər Kollegiyasına Kollegiya üzvü olmayan praktik hüquqşünasların avtomatik qeydiyyatını aparmaq səlahiyyətinin verilməsi
a) Buna uyğun olaraq cari Vəkillər Kollegiyası elan edilmiş müəyyən bir tarixdən 1 (bir) il ərzində Kollegiya üzvü olmayan hüquqşünasların qeydiyyatını aparmalıdır
b) Bu qeydiyyat səmərəli qaydada verilmiş elana uyğun olaraq könüllü müraciət edən praktik hüquqşünasların müraciətləri əsasında onların avtomatik olaraq qeydə alınmasına əsaslanmalıdır
c) Qeydiyyat müraciətçilərin (ərizəçilərin) qeydiyyat yaxud yaşayış yaxud daimi fəaliyyət göstərdiyi yer üzrə aparılmalıdır. Məsələn, əgər şəxs Qazax rayonunda yaşayış yeri üzrə qeydiyyatdadırsa, o, Qazax rayonu üzrə qeydə alınmalıdır
d) Qeydiyyata alınma üçün iki şərt tələb edilməlidir: i) ərizəçinin ali təhsilli hüquqşünas olması (milli ali təhsil müəssisələrinin hüquqşünas məzunları və xarici ali təhsil müəssisələrinin diplomları nostrifikasiya edilmiş məzunları; ikincilərə diplomların tanınmasını əldə etmək üçün kifayət qədər vaxt verilməlidir); ii) ərizəçinin hüquq praktikasında 1 (bir) ildən çox hüquq stajına malik olması (hüquq stajı aşağıdakı formalarda ola bilər: hüquqşünas ya əmək (iş) stajına malik olmalı yaxud həmin müddətdə vergi qeydiyyatı üzrə fəaliyyət göstərməli yaxud elmi müəssisədə azı doktorant olmalı yaxud daha yuxarı elmi dərəcəsi olmalıdır)
e) Kollegiyadan əvvəllər xaric edilmiş və (və ya) çıxmış şəxslər ümumi əsaslarla qeydiyyat üçün müraciət edə bilməlidir. Kollegiyadan əsassız xaric edilmiş vəkillər buna dair müvafiq əsasları olduqda avtomatik Vəkillər Kollegiyasına vəkil kimi bərpa edilməli və vəkil kimi qeydiyyata alınmalıdır
2. Cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünaslar tərəfindən yeni peşə birliklərinin yaradılması
a) Bir illik qeydiyyat müddəti başa çatdıqdan sonra cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünaslar qeydiyyat yerləri üzrə regional əsaslarla yeni peşə birliyinin yaradılması üçün təsis yığıncaqları keçirməlidir
b) Regional əsaslarla peşə birliklərinin formalaşdırılması üçün tələb edilən üzvlərin sayı həmin region üzrə cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünasların sayına uyğun olaraq əldə edilmiş minimum rəqəmə əsaslanmalıdır
c) Təsis yığıncağının keçirilməsi üçün təşkilat komitələri cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünasların bərabər sayda təmsilçiliyi əsasında formalaşdırılmalıdır
d) Təsis yığıncaqlarında iştirak edən vəkillər və praktik hüquqşünaslar qeydiyyat yerləri üzrə regional Vəkillər Şuraları təsis etməli, bu qurumun Nizamnaməsi və digər zəruri sənədlərini qəbul etməli və bu qurumun rəhbərliyini və digər zəruri orqanlarını seçki əsasında formalaşdırmalıdır. Regional Vəkillər Şurası dedikdə məsələn, Bakı Vəkillər Şurası, Gəncə Vəkillər Şurası, Şəki Vəkillər Şurası və digərləri başa düşülür